Az En Ru Tr

Azərbaycan qadını: dünən və bu gün

08.02.2018
Azərbaycan qadını: dünən və bu günMən əminəm ki, Şükriyyəni çoxları tanıyır. Xatırlamayanlara xatırlatmağı, tanımayanlara isə təqdim etməyi özümə borc bilirəm. Böyük Azərbaycan şairi Əhməd Cavadın ömür gün yoldaşı olub Şükriyyə. 1937-ci il, qara illərin qurbanı olanlar içərisində Əhməd Cavad və onun ailəsi də olmuşdur. Bu illərdə Şükriyyənin başına gələnləri, keçirdiyi sürgünlük həyatını oxuyanda insanın özümdən asılı olmadan gözü dolur və ömür gün yoldaşı Əhməd Cavadın adına, namusuna xələl gəlməməsi üçün nələrdən keçdiyini təsəvvür edəndə bir qadın kimi ona qibtə etdim.

Məlumdur ki, həmin qara illərdə qadınları rus əsgərlərinə “bəxşiş” kimi aparırdılar. Bunun əvəzində isə həmin qadınlara “mükafat” olaraq “bir tikə qara çörək” düşürdü. Lakin öz namusunu qorumaq üçün Şükriyyə nələrə əl atıb, 1937-ci ildən 1955-ci ilə, yəni bəraət qazanana qədər nələr çəkdiyini insan təsəvvür edəndə az qala dəli olur.

Rus əsgərlərinə yem olmamaq, namusunun ləkələnməməsi üçün ac qalıb, yemək əvəzinə barmağını deşərək qanını soran, gecə hər kəs yatandan sonra ayaqyoluna girib paltarları ilə oranı silib, sonra isə əyninə geyinən ismətli Azərbaycan qadını olmuşdur Şükriyyə... Nəticədə isə əsgərlərə “bəxşiş” olmur. Bu isə “Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun”-deyən Şükriyyənin qarşısına qoyduğu məqsəd idi, öz namusunu qorumaq üçün yeganə yol idi.
Bax, budur Azərbaycan qadınının qeyrəti...

Azərbaycan qadını – sadə anlayış deyil; Əslində bu səbəbdən, onu bir obrazda göstərib, “budur Azərbaycan qadını” demək də mümkünsüzdür. Bugünün Azərbaycan qadını həm qərbli, həm şərqli; həm kəndli, həm şəhərli; həm aciz, həm fərasətli; həm güclü, həm zəif… və daha neçə-neçə “həm”lərin arasında bölünən bir qadındır.
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə öz sanballı töhfələrini verib. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin material verib. Orta əsrlər Azərbaycan qadını ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində sözünü deyib.

XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə - istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları “ana” adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
“Qadın gülərsə bu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

-deyən Cavidin qadın məsələsinə münasibəti, onun qadın haqqında görüşləri tarixən diqqət mərkəzində olmuşdur. Yaradıcılığının ilk dövrlərində qadını əsasən zəif, gücsüz, alçaldılan, təhqir olunan bir məxluq kimi göstərən Cavid, yaradıcılığının sonrakı dövrlərində, qadını öz hüquqları uğrunda mübarizəyə qadir olan bir insan kimi səciyyələndirir. Cavid düşünürdü ki, qadının azad olmasının, oyanmasının vaxtı hələ gəlib çatmamışdır. Şairi, “qadının xilas olması yolları nələrdir? Əgər o köləlik zəncirindən xilas olarsa, haraya gedəcək? Qadının cəmiyyətdə vəziyyəti necə olmalıdır? Onun cəmiyyətdə vəzifələri nələrdir?” sualları düşündürürdü və o, bu suallara cavab axtarırdı. Bu tip qadınları Cavid yüksək qiymətləndirir, onları yüksək mənəvi keyfiyyətlərə malik, ağıllı, iradəli, namuslu, qürurlu, mətanətli və sədaqətli insanlar kimi təsvir edirdi. Bu qadınlar, Cavidə görə, mövcud şəraitdə öz istək və arzularına çatmasalar da, öz mənliklərini, ləyaqətlərini sona qədər müdafiə etməyə qadirdirlər.
Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir.

Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

Mənim düşüncəmdə isə şəhid anaları dünyanın bütün qadınlarından, bütün analarından güclüdür. Qadınların sülh carçısı kimi apardığı mübarizə bizi məcbur edir ki, dünyamızı qoruyaq. Şəhid anaları bu mübarizənin önündə gedir. Onların qəlbində yaşayan ağrı və kədər hər bir Azərbaycan qadınının ürəyində yaşayır və onları daha da cəsarətləndirir. Və ömrünün ən ağır anlarını belə ləyaqətlə qəbul edən, torpaq uğrundan canından keçən igid oğullar yetişdirən qadınları olan bir ölkə necə fəxr etməsin?! Yaşasın, Azərbaycan qadını!!!


Günay İmanova
oyu.edu.az saytının baş redaktoru
“Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün”


Xəbərlər Tədbirlər Elanlar