Az En Ru Tr

Tələbələrimiz Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə lövhəsinin açılışında iştirak etmişdir

13.12.2017
Tələbələrimiz Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə lövhəsinin açılışında iştirak etmişdir 13 dekabr 2017-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, batalyon komandiri Əliyar Yusif oğlu Əliyevin Nərimanov rayonunda şəhidin adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub. Nərimanov və Qubadlı rayonunun rəhbərliyi, Milli Qəhrəmanın ailəsi, yaxınları, döyüş yoldaşları, rayon gəncləri və ictimaiyyətinin qatıldığı tədbirdə əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Odlar Yurdu Universitetinin bir qrup fəal tələbəsi də iştirak etmişdir. Çıxış edənlər Əliyar Əliyevin təkcə Qubadlı rayon camaatının deyil, bütün xalqımızın fəxarətlə andığı, daim qəlblərdə uca tutduğu igid bir Vətən övladı olduğu, onun sərgilədiyi igidliyin bu gün gənc nəslə örnək olduğu və maddi-texniki bazası hər an təkmilləşən şanlı ordumuzun Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qələbələrinin Əliyar kimi qorxmaz oğulların döyüş təcrübəsi və şücaətindən qaynaqlandığı gənclərin diqqətinə çatdırmışdır.

Son olaraq Milli Qəhrəmanın döyüş yoldaşı, milli ordunun zabiti Sadiq Paşayev çıxış edərək yağı düşmənə qarşı onunla birgə çiyin-çiyinə döyüşməkdən qürur duyduğunu, ondan Vətəni daima göz bəbəyi tək sevməyi əxz etdiyini dilə gətirərək, 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində xüsusi igidliyinə və bacarıqlı komandirlik qabiliyyətinə görə Əliyar Əliyevin bir yetirməsinin general-mayor rütbəsinə, digərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü fəxrlə qeyd edib.
Sonda Milli Qəhrəmanın xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.



Xəbərlər Tədbirlər Elanlar