Az En Ru Tr

Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanova Atatürk mərkəzində “Türk dünyasından Azərbaycana baxış” mövzusunda keçirilən beynalxalq konfransda məruzə ilə çıxış edib

25.11.2017
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Dünya Türk Gəncləri Birliyi” (DTGB) İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Azərbaycana baxış” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, müxtəlif universitetlərin tələbələri, xarici qonaqlar və jurnalistlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlər Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Arzu Məmmədova bildirib ki, noyabr ayı ölkəmizin tarixində çox önəmli hadisələrlə əlamətdardır. Bu konfransın da bu ayda keçirilməsi heç də təsadüfi deyil.

DTGB-nin sədri Əkrəm Abdullayev son zamanlar türk dünyasının birliyi yönündə bir çox işlər görüldüyünü, layihələr həyata keçirildiyini bildirib: “Bizim təşkilat da öz növbəsində türk gənclərini bir araya gətirərək, bu işə öz töhfəsini verir”. Ə.Abdullayev qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasına, öz tarix və adət-ənənələrinə sahib çıxıb, bu mövzuda yeni biliklərə yiyələnmələrinə nail olmaq, Azərbaycanın tarix və mədəniyyətinə, turizm və iqtisadiyyatına beynəlxalq müstəvidən baxmasına şərait yaratmaqdır.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev dünya türklərinin birliyindən söz açıb, qeyd edib ki, bu yolda Azərbaycan-Türkiyə münasibətləri bütün Türk dövlətləri üçün nümunə olmalıdır. Deputat bu ideologiyanı təbliğ edən layihələrin daha çox keçirilməsini arzulayıb.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov fond haqqında geniş məlumat verib, hər zaman belə layihələri dəstəkləməyə hazır olduqlarını vurğulayıb.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında gənclərin milli kimliyinin formalaşmasında belə layihələrin əhəmiyyətini vurğulayıb.
Daha sonra söz maruzəçilərə verilib.

Çıxış edən Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanova bildirmişdir ki, regionumuzda sülhün, təhlükəsizliyin daimi olması, sürətli inkişafın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşması, qarşılıqlı regional münasibətlər sisteminin möhkəm təməllər üzərində davam etdirilməsi üçün Türkiyə — Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə malikdir. O, qeyd etmişdir ki, bu yaxınlarda XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısı reallaşdı və bununla Azərbaycan gələcəyə hesablanmış daha bir addım atdı.

Sonda çıxışlarla bağlı müzakirələr aparılıb və yekun qətnamə qəbul olunub.



Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanova Atatürk mərkəzində “Türk dünyasından Azərbaycana baxış” mövzusunda keçirilən beynalxalq konfransda məruzə ilə çıxış edib Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanova Atatürk mərkəzində “Türk dünyasından Azərbaycana baxış” mövzusunda keçirilən beynalxalq konfransda məruzə ilə çıxış edib

Xəbərlər Tədbirlər Elanlar