Az En Ru Tr

Odlar Yurdu Universitetində Məzun Günü keçirildi

12.06.2017
Odlar Yurdu Universitetində Məzun Günü keçirilib. Tədbirdə universitetin professor–müəllim heyəti və tələbələr iştirak etmişdir. Ənənəyə uyğun olaraq ilk öncə universitetin foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, tələbə və məzunlardan ibarət fəxri qaravul dəstəsi düzülmüşdür. Aparıcılar tədbiri açıq elan etdikdən sonra məzunların ifasında Odlar Yurdu Universitetinin himni səsləndirilmişdir.

Tədbir iştirakçılarını salamlayan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev məzunları təbrik edib və onlara gələcək həyatda uğurlar arzulayıb. Rektor qeyd edib ki, məzun olmaq təkcə yüksək şərəf deyil, Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq borcudur. Məzun olmaq həm də yüksək ictimai məsuliyyətdir. Bu il məzun olacaq tələbələr müstəqil Azərbaycanın dövlət və özəl müəssisələrində çalışaraq, Azərbaycanımıza, dövlətimizin maraqlarına xidmət edəcəklər. 4 il ərzində aldıqları ali təhsili həm nəzəri, həm də praktik cəhətdən nümayiş etdirməklə, savadlı mütəxəssis olduqlarını sübut edəcəklər. Daha sonra təhsildə qazandıqları uğurlara görə, həmçinin universitetin ictimai–siyasi həyatında iştiraklarına görə fərqlənən bir qrup tələbə universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Universitetin öncəki illərdə məzunu olmuş, hal–hazırda mühüm dövlət orqanlarında, özəl və digər sahələrdə yüksək səviyyəli mütəxəssislər olaraq fəaliyyət göstərən bir qrup məzunlar “Fəxri Məzun” diplomu ilə təltif olunmuşlar. Məzunlar müasir tələblərə cavab verən belə bir ali təhsil ocağında yüksək təhsil ala bilmələri üçün yaradılmış şəraitə, göstərilən qayğı və diqqətə görə universitetin rektoru professor Əhməd Vəliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbir konsert proqramı ilə davam etmişdir.

Xəbərlər Tədbirlər Elanlar