OYU - loader

Odlar Yurdu Universitetinin kafedra müdiri Tatarıstanda Beynəlxalq elmi-praktik konfransda çıxış edib

Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirliyinin dəstəyi, Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı, Rusiyanın Mərcani adına xeyriyyəçilik fondunun yardımı ilə Tatarıstanın Bolqar şəhərində beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Fransa, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Mərakeş, Bəhreyn, Küveyt, Oman, Tacikistan, Dağıstan, Başqırdıstan, Udmurtiya, Buryatiya və başqa ölkələrin nüfuzlu universitetlərindən, elmi tədqiqat mərkəzlərindən alim və mütəxəssislər iştirak etmişlər. Elm, cəmiyyət və tədrisin müasir problemlərini əhatə edən dərin məzmunlu məruzələr konfransın yüksək səviyyəsini nwmayi etdirmişdir. Bir sıra çıxışlar, xüsusən Avropa və Rusiyalı tədqiqatçıların məruzələri elmi araşdırmaların dərinliyi və yeniliyi baxımından diqqət çəkmişlər. Tatarıstan, Mərakeş, Özbəkistan alimləri ilə çıxışlar arası görüşlər bu ölkələrdə elmin nüfuzunun sürətlə artdığını deməyə əsas verir. Belə görüşlərdə elm və tədris sahələrində əməkdaşlıq baxımından bir sıra yeni, dəyərli razılaşmalar əldə olunmuşdur. Azərbaycandan konfransa EA-nın və BDU-nin alimləri qatılmışdılar.

Odlar Yurdu Universitetini konfransda Texnopark və AİS institutunun rəhbəri, Ümumi texniki fənlər və mühəndislik kafedrasının müdiri E.Rzazadə təmsil etmişdir. Onun “Study of achievements in the exact sciences of the Caliphate period as a factor in improving interreligional communication” başlıqlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

İştirakçıların daxil olma günü konfrans iştirakçılarını yerli tələbələrin “Brain ring” yarışmasına dəvət etdilər. Tələbələrin geniş məlumatlılığı və erudisiyası diqqət çəkdi. Səfər çərçivəsində konfrans iştirakçılarının qədim Bolqar şəhərindəki Bolqar Sivilizasiya Muzeyinə, Ağ Məscidə və Bolqar Dövlət Tarix-Memarlıq Muzey-Qoruğuna daxil olan abidələrə ziyarətləri təşkil olunub. Bir çox xalqların tarixində əvəzsiz rolu olan qədim İtil çayının - Volqanın buzlamış görüntüləri və abadlaşdırılmış sahilləri, etnoqrafik-tarixi qoruqların qurulması  konfran iştirakçılarının xatirəsində göclü iz buraxmışdır.

Konfransın çox böyük nəticəsi olaraq qardaş Tatar xalqının öz mənəvi-tarixi köklərinə məhəbbəti və hazırki yüksəlişinə şahid olmağımızı göstərə bilərik. İştirakçılar konfransın yüksək səviyyədə keçirilməsi, əvəzzis ünsiyyət, səmimi qonaqpərvərlik, qardaşcasına münasibətə görə Akademiyanın rəhbərliyinə və nümayəndələrə təhkim olunmuş əməkdaşlara dərin minnətdarlıq ifadə etmişlər.