OYU - loader

Universitet Tədris İşinin Təşkilində Proqressiv Formalar

 (Bölmə hesabat verir)

Kompüter Elmləri Bölməsinin rəhbəri E. M. Rzazadə

Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədi-yimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili,  məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.

Ulu öndər Heydər Əliyev

Ölkəmizdə aparılan uğurlu islahatlar təhsil sahəsini də əhatə etməklə ölkəmizin sürətli inkişafını təmin edə biləcək daha savadlı və hərtərəfli mütəxəssislərin yetişdirilməsi tələblərini gündəmə gətirir. Digər tərəfdən, cəmiyyətin bütün sahələrində özünü göstərən elmi-texniki inqilab tədris prosesinin sürətlə inkişaf etdirilməsini zəruri edir. Deməli, yerlərdə, universitet və departamentlər səviyyəsində də daimi araşdırmalara əsaslanan təşkilati və metodik təkmilləşdirmə, islahat xarakterli işlər aparılmalıdır.

Odlar Yurdu Universitetində tətbiq olunan belə yeniliklərdən biri konkret tədris sahələri üzrə mütəxəssis birliklərinin, bölmələrin yaradılmasıdır. Özlüyündə bu ideya yeni deyil.  Belə ki, statistik göstəricilər müvafiq qurumların yaradılmasına imkan vermədiyi hallarda bu formadan müvəqqəti, keçici təşkilati vasitə kimi zaman-zaman istifadə olunur və müəyyən fayda verir. Universitetin inkişafının yeni mərhələsində keçmiş təcrübələri nəzərə alaraq belə idarəetmə formasının uzunömürlü və effektiv olması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə bölmələrə maksimum müstəqillik, o cümlədən, metodiki vasitələrin seçilməsində kifayət qədər azadlıq verilir. Müəyyən sahə mütəxəssislərinin konkret ixtisas mövzuları üzrə seminar və toplantılarının keçirilməsi, professional problemlərinin işgüzar mühitdə müzakirəsi, dərslərin kollegial şəkildə bölüşdürülməsi, planlaşdırılması, müvafiq qərarlar qəbul edilməsində operativlik, şəffaflıq və s. bu qurumların üstün cəhətlərindəndir. Bu da öz növbəsində, bölmə əməkdaşlarını işə yaradıcı yanaşmağa stimullaşdırır.

Təbiət elmləri ilə vahid kafedrada yer almış texniki fənlərin tədrisi bu baxımdan daha səciyyəvidir. Universitetdə ən böyük və çoxistiqamətli “Riyaziyyat, informatika və texniki fənlər” kafedrasını təşkilati cəhətdən parçamayaraq  “Kompüter elmləri fənləri”  bölməsi yaradılmış və bölmə az vaxt içərisində müvafiq sahələrdə çoxcəhətli fəaliyyəti ilə faydalı olduğunu sübuta yetirmişdir. Bunu təqvim ili yekunlarının analizi də aydın nümayiş etdirir.

Odlar Yurdu Universitetində (OYU) mühəndis-texniki fənlərin tədrisi son illər ciddi şəkildə praktik istiqamətə yönəldilmiş, nəzəri biliklərin tədrisinin əyaniliyinin artırılması məqsədi ilə təşkilati və texniki istiqamətlərdə məqsədyönlü işlər aparılmışdır. Belə ki, OYU TexnoParkında (TP) həm nəzəri, həm də praktiki məşğələlərin keçirilməsi üçün qabaqcıl texnologiyaya, metodiki və texniki innovasiyalara əsaslanan tədris şəraiti işlənib hazırlanmışdır. Aydındır ki, “Kompüter elmləri fənləri”  bölməsi bu işdə yaxından iştirak etmişdir. Bölmə əməkdaşları əsil həmfikirlər qrupu kimi çalışır, universitet həyatıının müxtəlif sahələrində həmrəy, işgüzar fəaliyyət göstərirlər. Bunu demək kifayətdir ki, əməkdaşlar bir-birinin dərslərində daim iştirak edir və bu prosesdə öz məlumatlarını genişləndirməklə yanaşı fikir və təcrübələrini həmkarlarıyla bölüşürlər. Belə kollektivdə dərslərin, xüsusən, dərsdənkənar məşğələlərin müştərək keçirilməsi tələbələri mövzu ətrafında daha dolğun, hərtərəfli məlumatlandırmağa xidmət edir.  Bölmədə tələbələrlə daimi elektron əlaqəni təmin etmək məqsədi ilə metodika işlənib və müvəffəqiyyətlə tətbiq olunur. Buraya gündəlik dərslərin video yazılarının tələbələrə təqdimi, tədris materiallarının “buludlarda” yerləşdirilməsi, sosial şəbəkələrdə müəllim-tələbə qruplarının fəaliyyəti və digər bu kimi vasitələr daxildır. Nəticədə tələbələr dərsdən kənar, müstəqil çalışmalar gedişində də müəllim məsləhətlərindən faydalana bilir, operativ fikir mübadiləsi aparırlar.

Bölmə fəaliyyətinin əsas istiqamətləri aşqağıdakılardır:

  • Bölmə üzvlərinin metodiki və pedaqoji səviyyələrinin yüksəldilməsi;

Müəllimlər bu istiqamətdə OYU-da və dəgər Universitetlərdə keçirilən simpozium, konfrans, seminar və bu kimi tədbirlərdə iştirak edir, qabaqcıl təcrübənin analizi əsasında yaradılan məruzələr təqdim edirlər. Keçən, 2018-ci ilin sonunda Khazar Journal of Science and Technologi (KJSAT) jurnalında TexnoPark bazasında dil və kompüter yönümlü fənlərin inteqrasiyası məsələlərinə həsr olunmuş məqalə dərc olunub.[1]

  • Bölmə müəllimlərinin kvalifikasiyasının yüksəldilməsi və peşəkar vərdişlərin möhkəmləndirilməsi;
  • Tədris proqramlarının məzmun və strukturunun təkmilləşdirilməsi;
  • Proqressiv tədris texnologiyalarının həyata keçirilməsi;

Bu məqsədlə, bölmə heyətinə daxil olan elmi işlər üzrə prorektor, professor Tərlan Abdullayev, Universitetdə elmi yaradıcılıqla məşğul olan digər əməkdaşlar və başqa universitetlərdə çalışan qabaqcıl mütəxəssislərlə birgə mütəmadi müzakirələr aparılır, nəticələr müxtəlif səviyyələrdə keçirilən tədbirlər üçün metodiki əsas olur.

  • Təhsil prosesinin tədris-metodiki, maddi-texniki, informasiya təminatları səviyyəsinin qaldırılması;
  • Mövcud maddi-texniki bazanin inkişafı və təkmilləşdirilməsi;

Bu qəbildən məsələlər Universitetin TexnoParkının imkanları daxilində həll olunur. TP-ın maddi-texniki və informasiya təminatındakı bütün müsbət dəyişikliklər bölmənin fəaliyyətində birbaşa əks olunur. Yeni əldə olunmuş və ya qurulmuş avadanlıq, işlək stendlər, proqram vasitələri və kitablar tezliklə dərs prosesində yerini tapır.

  • Elmi-tədqiqat və innovativ fəaliyyətin həcm və əhatəsinin genişləndirilməsi;
  • Təhsil və əmək bazarlarınin dəyişikliklərini nəzərə almaqla iş prosesinə elmi və texniki nailiyyətlərin tətbiqi;

Bu istiqamətlərdə işlərin təşkili əsasən Bölmə seminarları, xüsusən, qabaqcıl kompaniyalarda çalışan keçmiş tələbələrin iştirakı ilə keçirilən genişlənmiş seminarlar vasitəsi ilə həyata keçirilir. Belə seminarlarda təzəlikcə istehsalata tətbiq olunan ən yeni aparat-texniki və proqram məhsulları, qabaqcıl texnologiya araşdırılır, dərs prosesinə tətbiq oluna bilən vasitələr üzə çıxarılır.

  • Bölmə fəaliyyətinin sənədləşdirmə işlərinin elektron və media vasitələrindən istifadə etməklə təkmilləşdirilməsi və s.

 

Hesabat dövründə tədris üzrə görülmüş işlər:

Tədris olunan fənlər üzrə sillabusların və fənn proqramlarının hazırlanması; Bu işlər semestr ərzində mütəmadi olaraq icra olunur. Müəllimin semestr ərzində tələbələrə çatdıra bildiyi materialın həcmi və səviyyəsi yalnız imtahanlardan sonra sorğular və müzakirələr gedişində aydınlaşır. Buna gora müəllim dərs gedişində sillabusa tamlığı ilə bağlanmır, nəzərdə tutulduğundan fərqli əlavə material çatdırmağa çalışır. Məsələn, “Proqramlaşdırmanın əsasları” fənni tədris qrafikində nəzərdə tutulmadığı üçün müəllimlər vaxta qənaət edib başqa dərslərdə bu sahədə zəruri bilikləri çatdırmağa, çatışmazlıqları bu yolla kompensasiya etməyə çalışırlar. Aydındır ki, proqramlarda nəzərdə tutulmamış alət və cihazlarla texniki əməliyyatlar da sillabuslardan kənar verilir.

   Imtahan sessiyalarının nəticələrinin yekunlarının hazırlanması və kollektiv müzakirəsi;

      Semestr boyu fənn müəllimlərinin bütün dərsləri ixtiyari həmkar və dinləyicilər üçün tam açiq dərs vəziyyətinə gətirilib və daxili iclasda bu prinsip razılaşdırılıb;

     Məsləhət saatlarının  gündəlik keciril­məsi təmin olunmuşdur; Bölmə müəllimləri ənənəvi olaraq məhdud sayda dərs götürür və tələbələrə müvafiq olan vaxt və məkanda əlavə məşğələlər təşkil edirlər.

      Aralıq imtahan biletləri hazırlanmış, yoxlanı­l­mış və təsdiqlənmişdir;

Hər bir tələbəyə individual sərbəst iş mövzuları paylanılmış, işlərin maddi-texniki vasitələri təmin olunmuş və icra gedişi nəzarətdə saxlanılmışdır.  Nəticələr yoxlanılmış və tələbələrlə dərsdən əlavə məşğələlər prosesində qiymətləndirilmişdir; Belə qiymətləndirmə forması şəffaflığın təmin olunması ilə yanaşı keçilmişlərin təkrarı və yenidən anlaşılması baxımından faydalı olur.

Test materialları hazırlanaraq müzakirə olunmuş, təsdiq edilmişdir;

     Yeni dərs vəsaitləri, elektron tədris materialları hazırlanmış, müzakirə olunmuş və tələbələrin istifadəsinə verilmişdir;

Bölmə müəllimlərinin fərdi elmi fəaliyyətinin planlaşdırılması, analizi və nəşr materiallarının müzakirəsi, ixtisaslar üzrə elmi yeniliklərin araşdırılması istiqamətlərində seminarlar keçirilmişdir;

Bölmə müəllimlərinin fərdi elmi-pedaqoji və elmi populyarlaşdirma fəaliyyətinin planlaşdırılması, analizi və publikasiyaların müzakirəsi, müvafiq səyyar tədbirlərin təşkili məsələləri həll olunmuşdur;

Magistr dissertasiyaları və çapa təqdim­ olunan materiallarının   yoxlanılması,  magistrantların müdafiəyə hazırlıq işləri həyata keçirilmişdir;

İxtisas üzrə bütün magistrlər üçün orijinal dissertasiya işləri mövzuları hazırlanıb, rəsmiləşdirilib və müraciət edən magistr tələbələrə praktik-metodik yardım göstərilmişdir;

       Bölmə müəllimlərinin fərdi hesabatları və təklifləri bölmə yığıncaqlarında dinlənilib və ətraflı müzakirə edilmişdir.

 

Tədris – metodiki fəaliyyət

  • Bakalavr, magistr və kollec təhsili sahələri üçün mövcud tədris proqramları müzakirə olunub və yenidən işlənilib.
  • Bakalavr və kollec təhsili üçün yeni tədris proqramları(Kompüter mühəndisliyi ixtisası üçün İxtisasa giriş, İngilis dilli qruplarda İT, Kompüter qrafikası və s.) işlənib hazırlanıb.
  • Tədris olunan fənnlər üzrə təhsil resursları (elektron tədris materialları) hazırlanıb.
  • Bölmə müəllimlərinin rəhbəri olduqları magistr disertasiya işlərinin mövzuları müəyyənləşdirilib, işlərin icrası üçün zəruri vəsaitlər təyin edilib.
  • Magistr dissertasiya işlərinin planları icraçıların iştirakı ilə işlənib qurulub və icra prosesinə nəzarət təmin olunub.
  • Müvafiq qurğular quraşdırılaraq magistrlərin istifadəsinə verilib.

 

Beynəlxalq fəaliyyət

Qrup üzvləri ABŞ, Almanıya, Rusiya, Türkiyə, Şimali Kipr Respublikası, Belorus ölkələrindəki həmkarları ilə əlaqə saxlayıb, bir sıra birgə tədbirlərin keçirilməsini təşkil etmişlər. Xarici ölkələrdən gələn mütəxəssislərlə bir qayda olaraq, geniş fikir mübadiləsi aparılır, əldə olunan yeni məlumatlar müzakirə olunaraq yeri gəldikcə tələbələrin və həmkarların diqqətinə çatdırılır. Xarici həmkarlar TexnoParkın və bölmənin fəaliyyəti, Universitet və ümumilikdə Azərbaycandakı təhsil imkanları ilə  tanış edilirlər. Onlara ölkəmizin təhsil sistemində mütəmadi olaraq aparılan islahat və təkmilləşdirmə işləri barəsində geniş məlumat, maraqlı materiallar verilir.

Keçən müddət ərzində Belorusdan beynəlxalq səviyyəli kompüter dizayneri Nataliya Şestopalova və Pakistanlı psixoloq dr. Cəfər Cığatayın tələbələrlə geniş görüşləri xüsusilə yaddaqalan olmuşdur. Kompüterləşmənin və avtomatlaşmanın sosial-psixoloji aspektlərinin beynəlxalq təcrübə əsasında çoxtərəfli analizi gənclərin böyük marağına səbəb olmuş, öyrəndikləri sahə ətrafında fərqli problemlər üzrə maraqlı diskussiyalar doğurmuşdur. Belə tədbirlər həm də fərqli elm-texnika sahələri qovuşacağında elmlərarası yeni araşdırmalara yol açır, müxtəlif ölkə mütəxəssisləri ilə birgə fəaliyyəti stimullaşdırır.

 

Digər təhsil müəssisələri və təşkilatlarla əməkdaşlıq

Qrup üzvləri respublikada təhsil sahəsində keçirilmiş ən əhəmiyyətli tədbirlərdə iştirak etmişlər. Tələbə işləri müsabiqələri, tələbə yaradıcılığı festivalları, olimpiadalar və s.

Məktəb texniki yaradıcılıq müsabiqə və bayramları; Uşaq evləri üçün oyuncaqların təmiri və hazırlanması; Digər müəssisələrin xeyriyyəçilik və bu kimi fəaliyyətində iştirak buna misal göstərilə bilər. Həmçinin, Aydınoğlu şirkəti ilə birgə digər universitetlərin tələbələri üçün bazar günləri geniş miqyaslı təlim, tanışlıq-izahat səpgili görüşlər təşkil edilmişdir.

Bundan başqa, digər universitet, lisey, kollec və peşə təhsili mərkəzi öyrənciləri və əməkdaşları üçün TP-də məlumat-ekskursiya xarakterli tədbirlər keçirilmişdir. Texnika və texnologiyalar üzrə Peşə təhsili mərkəzinin 4 nömrəli liseyinin tələbələri OYU TexnoParkında istehsalat təcrübəsi keçirlər.

 

Elmi – tədqiqat və nəşr fəaliyyəti

Qrupun hər bir üzvü çalışdığı sahə üzrə elmi məqalələr dərc edib (o cümlədən, ABŞ elmi jurnallarında iki məqalə). Onlar, dərs vəsaitləri yaradılması üzərində mütəmadi iş aparıblar. Kitabların əlyazmaları, elektron formaları hazırlanıb və dəfələrlə mütəxəssislərin iştirakı ilə müzakirə olunub.  2018-ci ilin sonunda ali məktəb və kollec tələbələri üçün elektronika və elektrotexnika sahələri üzrə müasir və yığcam dərslik çap olunmuşdur. Dərslik son illlərdə tədris prosesindəki reallıqları nəzərə almaqla, gündəlik dərs təcrübəsi əsasında yaradılmışdır. Kitab mühazirələrə əlavələr, həmçinin praktik işlərin icrası gedişində əsas nəzəri mənbə kimi istifadə məqsədi ilə yazılmışdır. Bu kitab eyni zamanda, Elektronika, Sxemotexnika və Elektrotexnika kimi fənnləri müstəqil mənimsəmək istəyənlər, mühəndislər və müəllimlər üçün də əhatəli sorğu kitabı qismində faydalı olacaq. Əsər Odlar Yurdu Universiteti Elmi şurasının qərarı ilə çap olunmuşdur. [2] Bundan başqa, Universitetin qabaqcıl İngilis dili mütəxəssislərinin hazırladıqları “SPEECH CULTURE IN COMMUNUCATION” kitabının kompüter tərtibi və bədii redaktəsi işləri də Kompüter elmləri bölməsində icra olunmuşdur.[3]

 

Konfranslar

Qrup üzvləri OYU-da, Sumqayıt DU, Xəzər Universiteti və digər müəssisələrdə keçirilən konfrans, simpozium və seminarlarda magistrləri ilə birlikdə iştirak etmişlər. Sevindirici haldır ki, praktik həllini tapmış bir sıra magistr işləri Əqli Mülkiyyət Agentliyinin startaplara həsr olunmuş konfransında sərgilənmişdir.

 

Maddi-texniki bazanın inkişafı

Qrup üzvləri texniki vasitələrin, stend və avadanlığın təkmilləşdirilməsi, inkişafı, əldə olunması və texniki xidməti yönümündə daimi iş aparmış, tələbələri də bu işə cəlb etmişlər. Hesabat müddəti ərzində TP xeyli yenilənmiş, yeni dərs otaqları və laboratoriyalar qurulmuşdur. Bölmə üzvləri Texnoparkda istifadədə olan avadanlığı tələbələrin iştirakı ilə saz vəziyyətə gətirərək Universitetin ehtiyacı olan digər qurumlarına təhvil vermişlər. Eyni zamanda, müəssisənin təmamiylə sıradan çıxmış kompüter və offis avadanlığını toplayaraq yenidən qurmuş, Universitet TP-nın tam, işlək kompüter laboratoriyası ilə təmin olunmasına nail olmuşlar. Eyni zamanda, magistr elmi işləri ilə əlaqələndirilərək avtomatlaşdırılmış tədris stendlərinin qurulması işi daimi əsasda aparılmışdır.

 

Tələbələrlə dərsdənkənar iş

Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. 

Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

 

Məlumdur ki, ən qabaqcıl sahələrdə mütəxəssis hazırlığı işi milli-mənəvi dəyərlərin aşılanması, vətənə layiqli vətəndaşın yetişdirilməsi vəzifəsindən kənar aparıla bilməz. Əks halda, ölkəyə, milli maraqlara yad, asanlıqla mənfi meyllərə məruz qalan, son nəticədə gərəksiz mütəxəssislər ortaya çıxa bilər. Bu fikirləri rəhbər tutan qrup üzvləri tələbələrlə dərsdən kənar gündəlik iş aparır, qabaqcıl yerli və xarici mütəxəssislərlə görüşlər, gənclərimizin respublika üzrə fərqlənmiş yaşıdları və həmkarları ilə birgə tədbirlər təşkil etmiş, müvafiq müəssisələrə, təşkilatlara, müzeylərə, şəhərin tarixi yerlərinə səfərlər həyata keçirmişlər. Eyni zamanda, müəllimlərimiz tələbələrin gündəlik problemlərinin həllinə daim maddi-mənəvi yardım göstərirlər. Bölmədə dərsdənkənar iş daimi əsasda aparılır. Praktik olaraq hər gün tələbələr dərsdən azad vaxtlarında müxtəlif suallar və problemləri ilə bölmə müəllimlərinə müraciətlər edirlər. Tələbələr üçün müxtəlif sahə mütəxəssisləri, xaricdə çalışan alimlərimizlə təşkil edilmiş görüşlər xüsusilə yaddaqalan olmuş, vətəninə və çalışdığı sahəyə sadiq insanların nümunəsi gənclərdə xoş təəssüratlar, eyni zamanda,  yeni diskussiyalar və müzakirələr doğurmuşdur. Müəllimlər dərslərində yeri gəldikcə Azərbaycan alimlərinin Dünya elminə töhfələrindən, ölkə rəhbərliyinin elm və təhsil sahələrində apardığı islahatlar, mənfi hallarla qətiyyətli mübarizədən danışırlar və bu istiqamətdə mövcud müvəffəqiyyətləri nəzərə çarpdırırlar. Xüsusən, gənclərimizi zərərli vərdişlər və Vətənin maraqlarına zidd meyllərdən qorumaq, gündəlik tərbiyəvi işin ayrılmaz hissəsinə çevrilmişdir. Tələbələrin asudə vaxtlarının faydalı, dolğun keçirmələrinin böyük əhəmiyyətini nəzərdə saxlayan bölmə əməkdaşları öz imkanlarından istifadə edərək Universitetin yerli və xarici tələbələri üçün birgə məşğələlər, tədbirlər keçirir, tələbələrimizin dünyagörüşünün genişlənməsi, onların elmlərə marağının yüksəldilməsi istiqamətində işlər aparırlar.

Dərslərin canlı aparılması, tələbələrlə əks-əlaqənin təmin olunması, hər bir tələbənin dərsdə aktiv iştiraka cəlb edilməsi, əyani vasitələrdən, keyfiyyətli, gənclər üçün cəzbedici, o cümlədən, əyləncəli tədris vasitələri, elektron təqdimatlardan istifadə  və bu kimi, bölmədə müəllim fəaliyyəti qarşısında qoyulmuş gündəlik tələblərdir. Bir qayda olaraq, dərs prosesində istifadə olunan tədris vasitələri tələbələrin bilavasitə iştirakı ilə yaradılır. Belə məşğələlərin bir tərəfdən faydalılığı və məsuliyyəti, digər  tərəfdənsə cəlbediciliyi özlüyündə zövqlü biliklənmə vasitəsi kimi qarşılanır və bütünlükdə tədris prosesinin zənginləşməsinə, məhdud vaxt ərzində daha çox materialın əhatə olunmasına xidmət edir. Eyni zamanda, tələbə özünü dərsin dinləyicisi deyil, aparıcı ünsürü kimi hiss edir. Əyanı vasitələrin yaradılmasında köhnəlmış, siradan çıxmış elektron avadanlıq elementlərindən istifadə olunması fənnlər arasında canlı əlaqə yaradılmasına və texniki yönümlü dərslərin real iş situasiyasına yaxınlaşdırılmasına xidmət edir. Mraqlıdır ki, tələbələr və Universitetin digər qurumlarının əməkdaşları da TP-də aparılan yeniliklərə böyük maraq göstərir, Kompüter elmləri bölməsinə yeni təşəbbüslərlə müraciət edir, hətta, yeni texniki tədris materiallarının yaradılmasında hər cür fəaliyyət göstərməyə can atırlar.

Göründüyü kimi, OYU-da təhsil innovasiyaları istiqamətində aparılan axtarışlar, mütəmadi olaraq tətbiq olunan yeniliklər müsbət nəticələr verməkdədir. Tədris vasitələrinin və bütünlükdə tədris prosesinin daim təkmilləşdirilməsi, modernləşdirilməsi Universitetin təhsil prinsiplərinin əsasını təşkil edir və bu iş daim əsasda aparılır. Universitetdə bu qəbildən çalışmalar təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə gündəlik xidmət, eyni zamanda, tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətdə zəruri olan fəaliyyət kimi qəbul olunur.

 

 

[1] Rzazadeh E. İntegration of Subjects Based on Educational Technopark

[2] Ə.Vəliyev, N.Səfərov, E.Rzazadə Elektronika və elektrotexnika İSBN 978-9952-37-129-1 Odlar Yurdu Universiteti NəşriyyatI Bakı. 2018.

[3] ] Ulviya Nasirova, Samira Farajova, Aysel Musayeva, Narmina Valiyeva, SPEECH CULTURE IN COMMUNUCATION, “Elm və təhsil”, Bakı-2018