OYU - loader

Odlar Yurdu Universitetində Məzun Günü keçirilib

Odlar Yurdu Universitetində 2017/2018-ci tədris ilinin məzunları üçün təntənəli Məzun Günü keçirilib. Tədbirdə universitetin professor–müəllim heyəti və tələbələr iştirak etmişdir. Aparıcılar tədbiri açıq elan etdikdən sonra məzunların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbir iştirakçılarını salamlayan Odlar Yurdu Universitetinin təsisçisi, kafedra müdiri, professor Samir Vəliyev məzunları təbrik edib və onlara gələcək həyatda uğurlar arzulayıb. O, qeyd edib ki, məzun olmaq təkcə yüksək şərəf deyil, Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq borcudur. Məzun olmaq həm də yüksək ictimai məsuliyyətdir. Bu il məzun olacaq tələbələr müstəqil Azərbaycanın dövlət və özəl müəssisələrində çalışaraq, Azərbaycanımıza, dövlətimizin maraqlarına xidmət edəcəklər. 4 il ərzində aldıqları ali təhsili həm nəzəri, həm də praktik cəhətdən nümayiş etdirməklə, savadlı mütəxəssis olduqlarını sübut edəcəklər.

Daha sonra təhsildə qazandıqları uğurlara görə, həmçinin universitetin ictimai–siyasi həyatında iştiraklarına görə fərqlənən bir qrup tələbə universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olundu.

Məzunlar müasir tələblərə cavab verən belə bir ali təhsil ocağında yüksək təhsil ala bilmələri üçün yaradılmış şəraitə, göstərilən qayğı və diqqətə görə universitetin rektoru professor Əhməd Vəliyevə öz minnətdarlıqlarını bildirdilər.

Tədbir konsert proqramı ilə davam etmişdir.