OYU - loader

20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olundu

 

Odlar Yurdu Universitetində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra 20 Yanvar qurbanlarının və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhları 1 dəqiqəlik sükutla yad edildi.

20 Yanvar hadisələrinə həsr olunmuş qısa film nümayiş olunduqdan sonra tədbir müəllim və tələbələrin çıxışları ilə davam etdi. Çıxış edənlər bildirdi ki, xalqımızın qan yaddaşına çevrilmiş 20 yanvar təkcə faciə deyil, həm də tariximizə əbədi həkk olunmuş qəhrəmanlıq salnaməsidir. Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan bir xalqın haqq səsini ucaltdığı, müstəqillik, suverenlik uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür.

Sonda 20 Yanvar hadisələri haqqında tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor Qabil Qafarov öz fikirlərini söylədi. O, bildirdi ki, 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.