OYU - loader

“Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda seminar keçirildi

Odlar Yurdu Universitetində “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda seminar keçirildi.

Seminarda universitetdə iqtisadçı kadrların hazırlanması istiqamətində yerinə yetirilən işlər haqqında geniş məlumat verildi. Bildirildi ki, universitetdə mütəmadi olaraq bu istiqamətdə seminar, görüş və tədbirlər həyata keçirilir. Həmçinin hər il tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında əmək yarmarkası təşkil edilir.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov çıxış edərək təşkilatçılığa görə Odlar Yurdu Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirdi və “Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda ətraflı çıxış etdi. Qeyd olundu ki, Maliyyə bazarlarının təhlili və proqnozlaşdırılması ona görə əhəmiyyətlidir ki, onun tərkibinə pul bazarı, kredit bazarı və qiymətli kağızlar bazarı daxildir. Digər tərəfdən başqa bazarlara nisbətən respublikada maliyyə bazarı daha sürətlə inkişaf etmişdir.
Qonaq öz çıxışında ölkəmizdə maliyyə bazarlarının inkişafını əks etdirəcək göstəriciləri şərh etdi və qarşıda duran əsas inkişaf hədəfləri barədə məlumat verdi.
Sonda Maliyyə bazarlarının fəaliyyəti ilə bağlı seminar iştirakçılarının sualları cavablandırıldı və maliyyə bazarının formalaşdırılmasını sürətləndirmək məqsədi ilə müxtəlif təkliflər irəli sürüldü.