OYU - loader

Odlar Yurdu Universitetininin kafedraları tərəfindən metodik seminarların təşkilinə başlanmışdır

Metodiki seminarda Filologiya və sosial fənlər kafedrasının müəllimi Gülçin Sofiyevanın “Leksikologiyanın müasir problemləri-lüğətçilik” mövzusunda məruzəsi dinlənilib. Seminarda nitq mədəniyyətinin mühüm prinsiplərindən biri olan sözlərin ədəbi norma tələblərinə uyğun tələffüz edilməsi məsələsi müzakirə edilərək, bu qaydaların pozulmasına səbəb olan amillərdən söhbət açılmışdır. Dialekt-şivə tələffüzünə meyl edilməsi, yazı normalarının hərfi-hərfinə tələffüzə gətirilməsi, əcnəbi dillərin tələffüz maneralarına meyl edilməsi problemləri müzakirə edilmişdir.

Seminarda Azərbaycan dilinin orfoqrafiya lüğətində olan qüsurlar da diqqət mərkəzinə gətirilmiş, bu barədə kafedranın əməkdaşları –f.ü.f.d Şahnabat Cəlilova, Könül Hüseynova, Tamella Alqayeva öz fikirlərini bildirmişlər.

Müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars sözlərinin, ümumişlək səciyyə daşımayan terminlərin, normativlikdən məhrum dialektizmlərin və loru sözlərin lüğətdə yer alması, lüğətin heç bir ehtiyac olmadan söz yaradıcılığı hesabına yüklənməsi və süni olaraq genişləndirilməsi, “söz” anlayışı hüdudlarına sığmayan yamsılamalara geniş yer verilməsi məsələləri müzakirə edilmişdir.

Seminarda kafedra əməkdaşları ilə yanaşı Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor Qabil Qafarov və Keyfiyyətin təminatı mərkəzinin rəhbəri Eldar Hüseynov iştirak etmişdir.

Daha sonra məruzə ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti metodik seminarlarda Dillər kafedrasının müəllimi Samirə Vəliyevanın “Müasir ingilis dilində danışıq modellərinin istifadə metodikası”, Ümumi texniki fənlər və mühəndislik kafedrasının müəllimi Ramiz Ələkbərovun “Kafedra əməkdaşlarının elmi-publikatsiyaları”,  Biologiya, Psixologiya və Pedaqoji Fənlər kafedrasının müəllimi Elnurə Əsgərovanın “Diqqət əskikliyi və heteroaktivlik”, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Babək Feyzullayevin “Turizm marketinqi və otel menecmenti” mövzusunda mıruzələri dinlənəcək.